CƏMİYYƏT
Türkiyənin Gürcüstandakı səfiri: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri bütün istiqamətlərdə inkişaf edir
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan sentyabrın 27-də Marneulidə “Aktual Media” - Aktual.ge xəbər portalının başlatdığı “Jurnalistika kursu”nun iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, səfir və onu müşayiət edən şəxslər əvvəlcə 27 sentyabr - Anım Günü ilə əlaqədar Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi tərəfindən hazırlanmış fotosərgini ziyarət ediblər. Tədbir çərçivəsində Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların ruhuna dualar oxunub.
Görüşdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindən bəhs olunub. Bildirilib ki, Azərbaycan Ordusu 44 gün davam edən müharibə nəticəsində işğal altında olan ərazilərini azad edib. Artıq bu ərazilərdə geniş bərpa işləri aparılır.
Sonra Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra səfirə kurs barədə məlumat verilib.
Fatma Ceren Yazqan gənclərə Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin inkişafından bəhs edib, üç ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyini vurğulayıb.
Sonda diplomat kursun iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, kursun müəllimləri sırasında AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov və Gürcüstanın “Mtavari arxi” telekanalının reportyoru Ceyhun Məhəmmədili də var.