CƏMİYYƏT
Türkiyənin Marmaris sakinləri səmimi duyğularla yanğınsöndürənlərimizə minnətdarlıqlarını ifadə edirlər
Muğla, 1 avqust, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət qrupun Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fəal iştirakı qardaş ölkədə böyük məhəbbətlə qarşılanıb.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, yerli sakinlər Türkiyənin Marmaris bölgəsində fəaliyyət göstərən əməkdaşlarımıza olan minnətdarlıqlarını müxtəlif formalarda ifadə edirlər.
Avqustun 1-də Marmarisin Asparan böhran yanğın məntəqəsinə doğru hərəkət edən qrup üzvlərini qarşılayan Mehem Erarslan özü ilə gətirdiyi, su və meyvə şirələrini soydaşlarımıza paylamaqla öz sevgisini ifadə edirdi. Təqdim etdiyimiz kadrlarda Marmaris sakini Mehem Erarslanın göstərdiyi səmimiyyət əksini tapır.
O bildirdi ki, yanğınsöndürənlərimizi görmək və onlara ehtiramını ifadə etmək üçün səhər saatlarından Asparan yol ayrıcında dayanaraq gözləyib. Mehem Erarslanın “Onlar qəhrəmandır. Təkcə imdadımıza yetişməyiblər, həm də Azərbaycanın sevgisini gətiriblər!”,- deyərək xoş sözlərlə duyğularını ifadə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla