SİYASƏT
Türkiyənin “Milliyyət” qəzeti Ermənistanın Qarabağdakı talançılıq siyasətindən yazır
İstanbul, 13 oktyabr, AZƏRTAC
Türkiyənin nüfuzlu “Milliyyət” qəzeti Azərbaycan Xarici İşlər Nazirliyinin işğal edilmiş ərazilərimizdə Ermənistan tərəfinin qanunsuz fəaliyyətinə dair yaydığı hesabat əsasında “Qarabağın təbii sərvəti talanaraq Ermənistana daşınır” sərlövhəli məqalə yayıb.
“Qanunsuz gəlir”, “Tarix məhv edilir”, “Sarkisyanla əlaqəli...”, “Araz layihəsi” və “Suriyalı ermənilər” alt başlıqları ilə türkdilli oxuculara təqdim olunan məqalədə diqqətə çatdırılır ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bu ərazilər beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlanılır. Qəzet yazır ki, işğal altındakı Azərbaycan torpaqlarında yerləşən su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi qanunsuz olaraq Ermənistana nəql edilir. Məqalədə faktlar əsasında göstərilir ki, bütün bu qanunsuz fəaliyyəti gerçəkləşdirən şirkətlər və şəxslər birbaşa təcavüzkar dövlətin başçısı Serj Sarkisyana bağlıdır.
Məqalədə, həmçinin Suriya ermənilərinin işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırılması, erməni diaspor təşkilatlarının bu işə verdikləri dəstək və s. məsələlərdən də bəhs olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul