MƏDƏNİYYƏT
Türkiyənin Özbəkistandakı səfirliyində mədəniyyət, mətbuat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Daşkənd, 27 aprel, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin bu ölkədəki səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Alparslan Akıncı və mətbuat məsələləri üzrə attaşesi Mustafa Avcı ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Türkiyə səfirliyində keçirilən görüşdə birgə layihələrin həyata keçirilməsi, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər dövlətlər arasında yüksək səviyyəli münasibətlər, xalqlarımız arasında qardaşlıq əlaqələri, Azərbaycanın 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edərək qələbə qazanması, Türkiyənin daim Azərbaycanın yanında olması və ölkəmizin haqq işini dəstəkləməsi, işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma və bərpa işləri və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.
Diplomatlar Özbəkistanda keçiriləcək mədəniyyət tədbirləri, özbək mətbuatı ilə və təhsil sahəsində əməkdaşlıq, milli mədəniyyətimizin, turizm ehtiyatlarının təbliği, Türk Şurası ölkələri arasında mətbuat sahəsində münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.
Türkiyə diplomatik nümayəndəliyi tərəfindən Samir Abbasova türk dilində çap olunan "Yukarı Karabağda 44 gündə gelen zafer: Türkiye-Azerbaycan kardaşlığının nişanesi" kitabı bağışlanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd