SİYASƏT
Türkiyənin Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiya qrupları Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat yayıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Türkiyənin Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiya qrupları Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Biz Qızılcahamam Bələdiyyə Şurasında siyasi partiya qrupları olaraq Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçilərini ağır silahlarla hədəfə alan hücumlarını qətiyyətlə pisləyirik.
Biz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etməsinə və vətəndaşlarını qorumasına yönələn hərəkətlərini dəstəkləyirik.
Otuz ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu haqsız işğala son qoymaq üçün mübarizə aparan Azərbaycana dəstəyimiz tam və qətidir. Beynəlxalq ictimaiyyəti erməni işğalı və xain hücumlar nəticəsində zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik.
Fürsətdən istifadə edərək, Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiyalar adından azərbaycanlı şəhid qardaşlarımıza Allahdan rəhmət diləyir, qardaş Azərbaycana başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını arzulayırıq.
Hörmətlə,
Süleyman Acar, Qızılcahamam Bələdiyyəsinin sədri
Ali İhsan Çalıkıranoğlu, Ədalət və İnkişaf Partiyası qrup rəhbərinin müavini
Murat Can, Milliyyətçi Hərəkat Partiyası qrup rəhbərinin müavini
Mehmet Çağlar, İYİ Partiyası qrup rəhbərinin müavini
Türkiyə Respublikası, Ankara şəhəri”.