CƏMİYYƏT
Türkiyənin TRT telekanalı Azərbaycanın CBC teleradio kanalı ilə əməkdaşlığa başlayır
Bakı, 1 dekabr, AZƏRTAC
Türkiyənin “TRT na russkom” telekanalı Azərbaycanın Cənubi Qafqazda yeganə rusdilli peyk televiziya və radio kanalı @cbctvaz (Caspian International Broadcasting Company) ilə əməkdaşlığa başlayır.
AZƏRTAC xəbər verir ki, iki media strukturun tərəfdaşlığı öz ölkələrində və xaricdə yayılması üçün xəbərlərin, o cümlədən videomaterialların və məlumatların qarşılıqlı mübadiləsini nəzərdə tutur. Tərəflər müəllif layihələrinin həqiqiliyini qorumaq şərti ilə videoməhsulların, ekspert köşələrinin, eksklüziv mətnlərin və saytların və platformaların bütöv məzmununun mübadiləsini aparmaq niyyətindədirlər. Bundan əlavə, tərəflər birgə filmlər, siyasi və iqtisadi mövzularda verilişlər çəkməyi, mədəni layihələr həyata keçirməyi planlaşdırırlar.
Əməkdaşlıq, həmçinin TRT-nin efirində rus dilində və CBC-də birgə televiziya körpülərinin keçirilməsini, müxtəlif aktual və mühüm mövzularda birgə diskussiya proqramlarının keçirilməsini nəzərdə tutur.
CBC telekanalının Baş direktoru Vüqar Xəlilov bildirib ki, bu əməkdaşlıq bu gün 300 milyon nəfərə çatan rusdilli informasiya məkanını mümkün qədər geniş əhatə etməklə telekanalların auditoriyasının genişləndirilməsi üçün imkanlar yaradacaq.
Rus dilində yayımlanan TRT-nin Baş redaktoru Mirsəid Həbibullayev mühüm informasiya materiallarının qarşılıqlı və eyni vaxtda təqdim edilməsinin onların nəşrinin effektini artıracağına və iki qardaş ölkə arasında ikitərəfli münasibətləri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.