ELM VƏ TƏHSİL


Türkiyənin TV8 kanalı Bakı Xoreoqrafiya Akademiyası haqqında reportaj hazırlayıb

Bakı, 12 noyabr, AZƏRTAC

Türkiyənin TV8 kanalı Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin fəaliyyəti haqqında xüsusi reportaj hazırlayıb. Telekanalın təşəbbüsünə əsasən verilişin hazırlanması üçün Türkiyədən gəlmiş çəkiliş qrupu ilə tam orta məktəbin rəhbərliyi və müəllim-şagird heyəti arasında görüş keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə verilişin məqsəd və vəzifələri barədə məlumat verilib. Qeyd olunub ki, xoreoqrafiya təhsili müsəlman Şərqində ilk dəfə Azərbaycanda yarandığından, eləcə də bu sahədə əldə olunan nailiyyətlər bir çox ölkələrdə Bakı Xoreoqrafiya Akademiyasına, onun tərkib hissəsi olan tam orta məktəbə böyük maraq oyadır. Məhz buna görə qardaş Türkiyədə klassik balet və milli rəqslərə olan maraq oranın media nümayəndələrini də Bakı Xoreoqrafiya Akademiyasına cəlb edib.

Görüşdə BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynova məktəbin fəaliyyəti haqqında ətraflı məlumat verərək, təhsil və sənətdə olan müvəffəqiyyətlərdən danışıb. Vurğulayıb ki, 90 il ərzində şərəfli yol keçmiş xoreoqrafiya məktəbi son 5 ildə akademiya statusu ilə böyük layihələrə imza atıb.

Veriliş hazırlanarkən çəkiliş qrupu tərəfindən Xalq artisti Yusif Qasımov, Əməkdar artistlər Səbinə Qasımova, Tamilla Məmmədova, qabaqcıl təhsil işçisi Aypara Məmmədova, Yekaterina Mustafayeva, Pərvin Nəcəfova və digər müəllimlərin dərsləri lentə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.