MƏDƏNİYYƏT
Türkiyənin Trabzon şəhərində turizmlə bağlı sərgi açılacaqdır
Bakı, 19 noyabr (AZƏRTAC). Noyabrın 24-dən 27-dək Türkiyənin Trabzon şəhərində 2-ci Qara dəniz Turizm və Səyahət Sərgisi keçiriləcəkdir.
Türkiyədən, eləcə də digər ölkələrdən 100-dən çox şirkət və agentliyin iştirak edəcəyi sərgidə Azərbaycanı “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcəkdir.
İctimai Birliyin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhəri yerində genişmiqyaslı arxeoloji tədqiqatlar aparmış, XVIII əsrə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılmış, həmin tapıntılardan ibarət sərgilər təşkil olunmuşdur. Trabzonda keçiriləcək sərgidə də həmin materialların nümayiş olunması nəzərdə tutulur.
“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu il avqust-oktyabr aylarında “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsini həyata keçirmişdir. Trabzonda baş tutacaq sərgidə bu layihə çərçivəsində görülmüş işlərin nəticələri, Azərbaycanın arxeoloji irsi, “Azərbaycan inciləri” bukleti və “Azərbaycan abidələr diyarıdır” filminin nümayiş etdirilməsi nəzərdə tutulur.