QAN YADDAŞI


Türkiyənin Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Bakı, 18 fevral, AZƏRTAC

Türkiyənin Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Uludağ Universitetində azərbaycanlı tələbələrin təmsilçisi, ali məktəbin Proje Ayolyesinin rəsmisi Solmaz İsmayılova konfransı təşkil etməkdə məqsədin gənclərə ətraflı məlumat verməkdən ibarət olduğunu bildirib. Solmaz İsmayılova o acıları yaşamış bir qarabağlı kimi gəncləri Xocalı soyqırımı həqiqətlərinin təbliğində fəal olmağa çağırıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanın, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın da iştirak etdiyi tədbirdə türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin vacibliyi vurğulanıb.

Məruzə ilə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət tələb etməlidir. O deyib: “Biz heç zaman dünyanın hər hansı bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətlə yetirilərkən dünya buna susdu. Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandır. Biz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu bir insanlıq utancıdır. Biz sadəcə ədalət istəyirik. Xocalıda, Qaradağlıda soyqırımı törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər”.

Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb. O, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə Uludağ Universitetinin rektor müavini Mehmet Yüce və ali məktəb rəsmiləri çıxış edərək, bu cür konfransların gənclər üçün böyük önəmini vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.