SİYASƏT
Türkiyənin Van şəhərində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli rəsmi qəbul keçirilib
Van, 28 may, AZƏRTAC
Azərbaycanın Qarsdakı Baş konsulluğu 28 May – Müstəqillik Günü münasibətilə Türkiyənin Van şəhərində təntənəli rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və Bakı Dövlət Universitetinin dosenti Arzu Məmmədovanın çıxışları dinlənilib.
Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, 23 aylıq qısa zaman kəsiyində Cümhuriyyətimizin dünya birliyi tərəfindən tanınması, qarşılaşdığı problemlərdən danışıblar.
Diqqətə çatdırılıb ki, güclü ordu quruculuğu, dövlət təsisatlarının milliləşdirilməsi, əhalinin rifahının yüksəlişini strategiya kimi qarşısına məqsəd qoyan ulu öndər Heydər Əliyevin Türkiyə ilə qardaşlıq münasibətlərinin bərpasına və inkişafına xüsusi diqqət vermiş və buna nail olmuşdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın dövlət müstəqilliyini qorumuş və regionun lider dövlətinə çevirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəldiyi barədə fikirlər iştirakçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Qəbulda Van vilayətinin valisi Ozan Balcı, Van bələdiyyəsinin baş katibi Fatih Çalıkəl, vilayət polis idarəsinin rəisi Atanur Aydın, sərhəd qoşunlarının yerli komandanı Hüseyn Bekmez, Van Milli Təhsil İdarəsinin müdiri Hasan Tevkə və digər rəhbər şəxslər, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Mərasimin mədəniyyət proqramında Naxçıvan Dövlət Konservatoriyasının bədii qrupları Zəfər mahnıları və şən musiqilər ifa ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Van