İQTİSADİYYAT
Türkiyənin Ziraat Bankı Azərbaycanda törəmə bank açmaq istəyir
Bakı, 1 dekabr, AZƏRTAC
Türkiyənin Ziraat Bankı Azərbaycanda törəmə bankın təsis olunması ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda həmin müraciətə baxılmaqdadır. Törəmə bankın lisenziyalaşdırılması proseslərinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Ziraat Bankı Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bankdır və hər iki ölkənin bank sektorları arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. Bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsi onun fəaliyyətinin daha da aktivləşməsinə və genişlənməsinə şərait yaradacaq. Eyni zamanda bu, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə ölkələrimiz arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcək.
Türkiyənin ən iri bankı olan Ziraat Bankı 1863-cü ildən fəaliyyət göstərir və onun aktivlərinin həcmi 108 milyard dollar təşkil edir.