DÜNYA
Türkiyənin ali təhsil müəssisələrində yeni tədris ilinin açılışı olub
Ankara, 15 oktyabr, AZƏRTAC
Türkiyənin ali təhsil müəssisələrində 2020-2021-ci akademik tədris ilinin açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə Türkiyə Ali Təhsil Təşkilatının sədri, professor Mehmet Ali Yekta Saraç çıxış edərək müvafiq sahədə qazanılmış uğurlar və qarşıda duran vəzifələr barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin çoxistiqamətli inkişaf strategiyasından və qarşıya qoyulan hədəflərə çatmaq üçün təhsilin rolundan danışıb. Türkiyə dövlətinin başçısı bildirib ki, hazırda ölkədə 176 min nəfərdən ibarət professor-müəllim heyəti 8 milyon tələbəyə dərs deyir.
Qeyd edək ki, Türkiyə ali məktəblərində ən qısa zamanda əyani təhsil prosesinin normal başlanması nəzərdə tutulur. Bunun üçün şərtlərə və tələblərə baxılır.
Prezident Administrasiyasının iclas salonunda keçirilən mərasimə Türkiyə Ali Təhsil Təşkilatının rəhbər şəxsləri, rektorlar, görkəmli alimlər və tələbələr qatılıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara