Türkiyənin dəvəti ilə altı ölkənin müdafiə nazirlərinin videokonfrans formatında görüşü olub
AzerTAg.az

İstanbul, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Türkiyənin dəvəti və koordinasiyası ilə Türkiyə, Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya və Ukraynanın müdafiə nazirlərinin videokonfrans formatında görüşü olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Toplantıdan sonra açıqlama verən Türkiyənin milli müdafiə naziri Hulusi Akar görüşün çox məhsuldar keçdiyini bildirib.
Nazir qeyd edib ki, regional müdafiə və təhlükəsizlik mövzularında fikir mübadiləsinin aparıldığı görüşdə diplomatik həllə kömək etmək üçün Ukraynada təcili atəşkəsə nail olunmasının və mülki şəxslərin təhlükəsiz şəkildə təxliyəsinin vacibliyi vurğulanıb.
“Görüş zamanı Qara dənizdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması, o cümlədən minalara qarşı mübarizə üçün əməkdaşlığın vacibliyi bir daha qeyd edilib. Sonda humanitar vəziyyətin ağırlaşması ilə əlaqədar bu istiqamətdə yardımların fasiləsiz davam etdirilməsi və regionda böhranın daha da genişlənməsinin qarşısının alınması üçün görüləcək tədbirlər müzakirə olunub”, - deyə nazir bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Xəbərin mətnində orfoqrafik səhv var