CƏMİYYƏT


Türkiyənin ədliyyə naziri Azərbaycanın Qələbəsi münasibətilə Fikrət Məmmədova zəng edib

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül və Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov arasında telefon danışığı olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, danışıq zamanı A.Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən Şanlı Qələbə münasibətilə təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşüb. Türkiyəli nazir xalqlarımızın və dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək, bundan sonra da dəstəyini əsirgəməyəciyini vurğulayıb.

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov təbrikə görə təşəkkürünü bildirib, müharibənin ilk günündən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün türk xalqının Azərbaycanın yanında olduğunu vurğulayıb, bu ərəfədə yüksəksəviyyəli şəxslərin ölkəmizə dəstəkverici səfərlərini xüsusilə qeyd edib.

Fikrət Məmmədov həmkarının səmimi dəstəyinə, o cümlədən “Twitter” hesabı ilə ürək sözlərinə görə minnətdarlığını ifadə edib, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinin önəmli addım olduğunu bildirib.

Söhbət zamanı nazir, həmçinin oktyabrın 30-da Türkiyənin İzmir vilayətində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələ ilə bağlı bir daha kədərini ifadə edib, həlak olanlarla bağlı başsağlığı verib.

Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu əbədidir və hərtərəfli əməkdaşlığımız bundan sonra da uğurla davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.