DÜNYA


Türkiyənin ədliyyə naziri: Kaşıkçı cinayəti üstü örtülə bilən məsələ deyil

Bakı, 1 noyabr, AZƏRTAC

Ankara Ər-Riyadı müxalif jurnalist Camal Kaşıkçının qətli ilə bağlı təhqiqata dəstək verməyə çağırıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Bir qədər əvvəl İstanbul prokurorluğu səudiyyəli jurnalistin baş konsulluğa daxil olduğu zaman boğularaq öldürüldüyü və cəsədinin parçalanaraq məhv edildiyi barədə açıqlama yaymışdı.

“Heç kim məsuliyyətdən yayına bilməz. Bu, üstü örtülə bilən məsələ deyil. Səudiyyə Ərəbistanının bizimlə əməkdaşlıq edəcəyini düşünürük. Onlar bu cinayətin təhqiqatına dəstək verməlidir”, - deyə Gül jurnalistlər qarşısında çıxış edərkən vurğulayıb.

Nazir səudiyyə tərəfini bir sıra suallara, o cümlədən Kaşıkçının indiyə qədər tapılmayan cəsədinin harada olması ilə bağlı suala cavab verməyə çağırıb.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin diplomatik missiyada yaranmış mübahisə nəticəsində öldüyünü bildirsə də, sonradan cinayətin planlı şəkildə törədildiyini etiraf etmişdi.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanında 18 nəfər saxlanılıb. Onların şəxsiyyəti açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.