İQTİSADİYYAT
Türkiyənin elektrik enerjisi bazarında tarif tənzimlənməsi ilə bağlı təcrübəsi bölüşülüb
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış iki mərhələli fəaliyyət planına uyğun olaraq növbəti onlayn görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə EPDK-nın nümayəndələri elektrik enerjisi bazarının fəaliyyəti, eləcə də bazarda tariflərin tənzimlənməsi ilə bağlı Türkiyə təcrübəsini AERA-nın mütəxəssisləri ilə bölüşüblər.
Görüşü giriş nitqi ilə açan AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Mustafa Yavuzdemir bu kimi təcrübə mübadilələrinin əhəmiyyətindən danışıblar.
Daha sonra EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi Alaaddin Emre Evgallioğlu Türkiyənin elektrik enerjisinin topdansatış bazarının tarixi ilə bağlı geniş təqdimatla çıxış edərək mövcud elektrik enerjisi bazarının vəziyyəti, bazar mexanizminin həyata keçirilmə mərhələləri, eləcə də bazar iştirakçılarına dair statistik göstəricilər və “gün öncəsi və gün daxili” topdansatış elektrik enerjisi qiymətlərinin formalaşması haqqında məlumat verib.
Türkiyənin elektrik enerjisi bazarında tarif tənzimlənməsi ilə bağlı Türkiyə təcrübəsini bölüşən EPDK-nın enerji sahəsi üzrə mütəxəssisi İbrahim Oğuz Odabaş elektrik enerjisi bazarında tətbiq olunan tariflərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Görüş interaktiv sual-cavab sessiyası ilə davam edib.