ELM VƏ TƏHSİL
Türkiyənin elm müəssisəsi ilə anlaşma memorandumu imzalanıb
Bakı, 13 iyul, AZƏRTAC
Türkiyənin Dokuz Eylül Universitetinin Dəniz Elmləri və Texnologiyaları İnstitutunun (IMST) direktoru, professor Erdeniz Yozel və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya Institutunun direktoru, akademik Ramiz Məmmədovun iştirakı ilə bu iki müəssisə arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə birgə elmi-tədqiqat proqramları həyata keçirəcəklər. Beş il üçün nəzərdə tutulan memorandumun müddəti qarşılıqlı razılıq əsasında uzadıla bilər.
Qeyd edək ki, anlaşma memorandumunun əsası bu ilin fevralında türk okeanoloqları – Beynəlxalq İslam Dövlətlərarası Elmi-Texniki Okeanologiya Şəbəkəsinin icraçı direktoru, professor Mustafa Ergün və Dokuz Eylül Universitetinin professoru Günay Çifçinin Coğrafiya İnstitutuna səfəri zamanı qoyulub.