CƏMİYYƏT


Türkiyənin əmək və sosial müdafiə naziri Respublika Əlillərin Bərpa Mərkəzində olub

Bakı, 1 fevral, AZƏTRAC

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslər üçün yüksək standartlar səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov türkiyəli həmkarına dövlət başçısı İlham Əliyevin sosial sahənin inkişafına xüsusi diqqət və qayğısının ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının dolğun təminatına yönələn dövlət siyasətinin də ildən-ilə güclənməsinə şərait yaratdığı barədə məlumat verib. Nazir həmin təbəqədən olanların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması, onların pensiya və müavinət sistemi, habelə müharibə əlilləri və onlara bərabər tutulanların sosial ödənişlərlə bərabər Azərbaycan Prezidentinin aylıq təqaüdləri, yeni mənzillərlə təminatı və s. sahələrdə aparılan işlər barədə danışıb.

Qeyd olunub ki, əlilliyi olan şəxslərin peşə reabilitasiyasına cəlb edilməsi də diqqətdə saxlanılır. Son illərdə nazirliyin tabeliyində yaradılan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərə yaxın həmin təbəqədən olan şəxs peşə reabilitasiyasına cəlb olunub. Müvafiq proqram çərçivəsində sağlamlıq imkanları məhdud gənclərin Türkiyəyə və Türkiyədəki belə gənclərin Azərbaycana səfərləri, təşkil edilən peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı da təmin edilir.

Nazir əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə mühüm addımların atıldığını, Respublika Əlillərin Bərpa Mərkəzində yaradılan şəraitin bunun əyani bir nümunəsi olduğunu qeyd edərək bildirib ki, Uşaq Bərpa Mərkəzində, eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yaradılan yüksək standartlara uyğun reabilitasiya şəraiti həmin uşaqların səmərəli tibbi-sosial reabilitasiyasının təşkilinə imkan verib. Bu gün respublikanın bütün bölgələri üzrə nazirliyin bərpa-müalicə müəssisələri fəaliyyət göstərir və təkcə son bir ildə həmin müəssisələrdə 39,8 min nəfər şəxs bərpa xidməti ilə təmin edilib, əlilliyi olan şəxslərin 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu mərkəzin tibbi-sosial reabilitasiya və funksional diaqnostika, fizioterapiya və psixoloji korreksiya şöbələrinin fəaliyyəti, burada müasir avadanlıq və qurğulardan istifadə olunmaqla həyata keçirilən reabilitasiya prosedurları və səmərəli fizioterapevtik müalicə üsulları ilə yaxından tanış olub. O, mərkəzdəki müasir şəraitdən, burada aparılan reabilitasiya prosesindən məmnun qaldığını, əlillərin reabilitasiya potensiallarının reallaşdırılması sahəsində təcrübə mübadilələrinin aparılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.