CƏMİYYƏT
Türkiyənin əmək və sosial müdafiə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 1 fevral, AZƏRTAC
Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.
Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Türk Şəhidliyi abidəsi ziyarət olunub və abidə önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.