CƏMİYYƏT
Türkiyənin əmək və sosial müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gələcək
Bakı, 30 yanvar, AZƏRTAC
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, səfərin müddəti yanvarın 31-dən fevralın 3-dək nəzərdə tutulur.
Nümayəndə heyətinin tərkibinə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Böyük Millət Məclisinin bir qrup üzvü də daxildir. Səfərin ilk günü nümayəndə heyətinin ölkəmizdə bir sıra rəsmi görüşlərinin keçirilməsi planlaşdırılır.
Səfərin ikinci günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokolun imzalanması gözlənilir.
Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakının tarixi və mədəni abidələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayrı-ayrı müəssisələri ilə tanışlığı da nəzərdə tutulub.