DÜNYA


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası yaranmasının 21-ci ilini qeyd edir

İstanbul, 14 avqust, AZƏRTAC

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) yaranmasının 21-ci ilini qeyd edir.

AZƏRTAC xəbər verir ki, bu vəsilə ilə partiyanın rəhbəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiya üzvlərinə məktub yollayıb.

Türkiyə Prezidenti məktubunda “Yaranan gündən bu yana keçirilən seçkilərdə 15 dəfə qələbə qazanan AK Partini 2023-cü ildə keçiriləcək prezident və parlament seçkilərində də yenidən zəfər qazandırmaqda qərarlıyıq”, - deyə vurğulayıb.

Məktubda bildirilir: “Bu gün keçmişimizə nəzər saldıqda, 20 il ərzində bir əsrlik demokratiya və inkişaf layihələrini həyata keçirdiyimizi məmnuniyyətlə müşahidə edirik. Təhsildən səhiyyəyə, təhlükəsizlikdən ədalətə, nəqliyyatdan enerjiyə, sənayedən idmana qədər Türkiyənin, sadəcə, çatışmazlıqlarını aradan qaldırmadıq, həm də gələcək irəliləyişlər üçün infrastruktur yaratdıq. İndi güclü infrastruktur üzərində 2023-cü il hədəflərimizi reallaşdıraraq və 2053-cü ilə baxışımızı quraraq ölkəmizə və millətimizə verdiyimiz bütün vədləri yerinə yetirmək istəyirik. Bunun üçün 2023-cü il seçkiləri kritikdir”.

Yaranmasının 21-ci ilini sadə proqramla qeyd etməyi planlaşdıran AK Parti avqustun 15-də “Bir olduq, 21 olduq” mövzusunda proqram keçirəcək. Türkiyə Prezidenti və AK Partinin sədri Rəcəb Tayyib Ərdoğanın da qatılacağı proqramda 3 min qonağın iştirakı gözlənilir.

 
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.