DÜNYA


Türkiyənin hakim partiyası İstanbulda seçkilərin yenidən keçirilməsini tələb edəcək

Bakı, 9 aprel, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsini tələb edəcək.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyası sədrinin müavini Əli İhsan Yavuz mətbuat konfransı zamanı deyib.

“Biz İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi üçün Ali Seçki Komissiyasına müraciət edəcəyik. Bu gün bu barədə xüsusi apellyasiya verəcəyik və seçkilərin nəticələrinə birbaşa təsir edən hadisələr barədə məlumatları açıqlayacağıq”, - deyə Yavuz bildirib.

Xatırladaq ki, martın 31-də Türkiyədə yerli idarəetmə orqanlarına seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, İstanbulda Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu hakim Ədalət və İnkişaf Partiyasından olan opponenti sabiq Baş nazir Binəli Yıldırımı 0,25 faiz səslə (22 min səs) qabaqlayıb. Hakim partiya bununla bağlı İstanbulun bütün 39 dairəsində səslərin yenidən hesablanması tələbi ilə apellyasiya şikayəti verib. Həmçinin partiya səbəbsiz olaraq 300 minə yaxın bülletenin etibarsız sayıldığını və bu səslərin Binəli Yıldırımın qələbəsini təmin edəcəyini bildirir.

Yerli seçkilərdə əsas mübarizə ənənəvi olaraq İstanbulda gedir. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 1990-cı illərdə Türkiyənin ən böyük meqapolisinə rəhbərlik edib. Seçkilərdə ölkənin iri şəhərlərində qələbə qazanmaq partiyaların əsas məqsədlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.