CƏMİYYƏT
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 19 may, AZƏRTAC
Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət edilib, “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri qoyulub.
Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qeyd edək ki, ziyarət zamanı türkiyəli naziri Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov müşayiət edib.