REGİONLAR


Türkiyənin məşhur ifaçısı, bəstəkar Uğur Işılak Gəncə səhnəsində çıxış edib

Gəncə, 5 iyul, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Gəncə Regional Mədəniyyət İdarəsinin, MGM Group və “HAKAS” şirkətinin təşkilatçılığı ilə Gəncədə “Türkiyə-Azərbaycan qardaşlıq gecəsi” adlı konsert proqramı keçirilib. Konsertdə qonaq qismində Türkiyənin məşhur ifaçısı, bəstəkar Uğur Işılak çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramından əvvəl Gəncə Şəhər İcra Hakimiyyətində qonaqla görüş olub. Sonra Uğur Işılak Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı əraziyə baş çəkib, burada həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüb.

Qonaq Nizami Gəncəvi Məqbərəsini və Nuru paşanın ev-muzeyini də ziyarət edib.

“Türkiyə-Azərbaycan qardaşlıq gecəsi” adlı konsert proqramı torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Gecədə Gəncə Dövlət Filarmoniyasının solistləri, Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Pərvanə Rüstəmova, İslam Əlizadə, Rövşən Məmmədov və digərləri bir-birindən zəngin repertuarlarla çıxış ediblər. Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında nümayiş olunan rəqs proqramı isə tamaşaçıların zövqünə oxşayıb. Konsertdə Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı və Filarmoniyanın solistləri tərəfindən “Nuru paşa” və “Mehtər Marşı” təqdim olunub.

Gecənin ikinci hissəsində Türkiyənin məşhur sənətçisi Uğur Işılak Gəncə sakinlərinin qarşısında çıxış edib. Bir-birindən maraqlı və rəngarəng mahnılar ifa edən sənətçini tamaşaçılar alqışlarla qarşılayıblar. Söz və musiqisi özünə aid olan “Azərbaycan Türkiyədir” türküsü isə bütün iştirakçıların qəlbini oxşayıb.

Sonda sənətçi gəncəlilərə göstərdikləri isti münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.