ELM VƏ TƏHSİL


Türkiyənin məşhur müğənnisi Müşərrəf Akay Bakı Slavyan Universitetində

Bakı, 3 dekabr, P.İmanova, AZƏRTAC 

Dekabrın 3-də Türkiyə Cümhuriyyətinin məşhur müğənnisi Müşərrəf Akay Bakı Slavyan Universitetində (BSU) olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaq universitet tələbələrinin təqdimatında Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən milli mahnı və rəqsləri izləyib.

BSU-nun rektoru, professor Nurlana Əliyeva ilə görüşdə iki qardaş ölkə arasında mövcud dostluq əlaqələrindən söz açılıb, hazırda bu münasibətlərin uğurla davam etdirildiyi bildirilib. N.Əliyeva qonağa bu günlərdə BSU ilə Türkiyə Cümhuriyyətinin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kulturaloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı tədbir barədə məlumat verib. O, həmin tədbirdə Türkiyənin tanınmış elm və siyasət adamlarının, diplomatlarının iştirak etdiyini, əməkdaşlığın aktual problemlərinin müzakirə olunduğunu bildirib.

Universitetin akt zalında müəllim və tələbə heyətinin iştirakı ilə davam edən görüşdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Görüşdə çıxış edən Nurlana Əliyeva universitetin yaranma tarixindən, təhsil ocağında türk dili və mədəniyyətinə, ədəbiyyatı və musiqisinə olan böyük diqqətdən danışıb. BSU-nun dünyanın bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyən N.Əliyeva Türkiyə ilə münasibətlərin daha dərin köklərə malik olduğunu söyləyib.

N.Əliyeva BSU-dakı Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyətindən danışıb. Rektor BSU-nun Türkiyənin bir sıra ali məktəbləri ilə əməkdaşlıq etdiyini, eyni zamanda, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində türkiyəşünaslıq üzrə təhsil alan tələbələrə qardaş ölkənin iqtisadi-siyasi və mədəni cəhətdən inkişafını əks etdirən dərslərin tədris olunduğunu vurğulayıb.

Sonra rektor M.Akayın sənətindən danışıb, Azərbaycanda onun çoxlu heyranları olduğunu deyib. Bildirilib ki, türk dünyasının, mədəniyyətinin böyük sənətkarlarından olan M.Akay həmişə Azərbaycanda sevilib və onun mahnıları bu gün də xalqımız tərəfindən böyük məhəbətlə dinlənilir. Azərbaycan mahnılarının mahir ifaçısı M.Akay hər zaman ölkəmizdə xüsusi hörmət və sevgi ilə qarşılanır.

BSU-nun jurnalistika kafedrasının müəllimi, professor Etibar Babayev türk sənət ustası M.Akayla uzun müddətdir davam edən dostluq və iş münasibətlərindən danışıb. E.Babayev məşhur sənətkarın ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm xidmətləri olduğunu diqqətə çatdırıb, onun Azərbaycan incəsənətinə, milli ruhuna bağlılığını xüsusi qeyd edib.

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova görüşün iki qardaş ölkə arasında mədəniyyətin, incəsənətin inkişafına mühüm töhfə olacağına əminliyini bildirib.

Azərbaycan haqqında xoş təəssüratlarını bölüşən M.Akay hər zaman ölkəmizdə yüksək səviyyədə qarşılandığını söyləyib, səmimi görüşə, qonaqpərvərliyə, diqqət və qayğıya görə BSU-nun rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Sonra tanınmış sənətçinin Azərbaycanla bağlı xatirələrini əks etdirən sənədli film nümayiş olunub.

Sonda türkiyəli sənətkar repertuarında yer alan Azərbaycan mahnılarından nümunələr səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.