SİYASƏT


Türkiyənin nüfuzlu “EkoAvrasya” jurnalı Azərbaycana xüsusi buraxılış həsr etmişdir

Bakı, 14 oktyabr (AZƏRTAC). Türkiyənin nüfuzlu “EkoAvrasya” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı nəşr olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, jurnalda Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, xarici siyasəti, ölkəmizin Cənubi Qafqazdakı geosiyasi rolu, Azərbaycan-Türkiyə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinə dair məqalələr dərc olunmuşdur.

Nəşrdə Azərbaycan-Türkiyə əlaqələrinə xüsusi toxunularaq bu münasibətlərin ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Saziş ilə daha yüksək səviyyəyə çatdığı qeyd olunmuşdur.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfərinə həsr olunmuş məqalədə onun Türkiyənin bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın yanında olacağı, terrora qarşı birgə mübarizənin davam etdiriləcəyi fikri əksini tapmışdır.

Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayına dair məqalədə isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərildiyi vurğulanmışdır. Dövlətimizin başçısının qurultaydakı nitqi ilə yanaşı, məqalədə bu qurultayda müxtəlif ölkələrdən olan hökumət və parlament nümayəndələrinin fikirlərinə də geniş yer verilmişdir. Məqalədə qurultayda qəbul olunmuş qərarlar, diaspor quruculuğundakı xidmətlərinə görə orden və medallarla təltif edilmiş bir sıra diaspor fəallarının adları da qeyd olunmuşdur.

Jurnalda, həmçinin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada, Kreml sarayında keçirilmiş “Azərbaycan gecəsi” haqqında məqalə dərc edilmişdir. Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedevanın iştirak etdikləri tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirdiyini, Azərbaycanın Şərq dünyasında ilk parlament respublikası olduğunu, Şərqdə ilk opera və baletin Azərbaycanda yaradıldığını qeyd edərək ölkəmizin əldə etdiyi nailiyyətlərlə qürur duyduğunu vurğulaması məqalədə xüsusi qeyd olunmuşdur.

Jurnalda, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti,

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyevanın Böyük Britaniyanın nüfuzlu “Haffinqton post” qəzetində dərc olunmuş “Yaşıl gündəlik: sərhədləri aşaraq” sərlövhəli məqaləsinə dair də material dərc edilmişdir.

Nəşrdə Azərbaycanın “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qələbəsinə həsr olunmuş məqalə də yer almışdır.

“EkoAvrasya” jurnalında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun “Dünyadakı bütün diaspor təşkilatlarımız azərbaycanlıların rifahı üçün çalışmaqdadır” sözləri sərlövhə seçilmiş məqalə də dərc olunmuşdur. Məqalədə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatların sayının 416-a çatdığı, onların gündən-günə gücləndiyi və fəaliyyət göstərdiyi ölkələrin cəmiyyətinə təsir imkanlarının genişləndiyi qeyd edilmişdir. Məqalə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun “Azərbaycan lobbisi artıq utopiya deyil. Çox yaxın zamanda biz hamımız güclü Azərbaycan lobbisinin fəaliyyətini hiss edəcəyik” fikri ilə tamamlanmışdır.

Xatırladaq ki, “EkoAvrasya” jurnalının təsisçisi Avrasiya İqtisadi- Sosial Əlaqələr Dərnəyidir. Rübdə bir dəfə nəşr olunan jurnal dünyanın 10-dan artıq ölkəsində pulsuz yayımlanır.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.