REGİONLAR
Türkiyənin ölkəmizdəki səfiri Azərbaycan Dövlət Aqrar Universitetində olub
Gəncə, 12 iyul, Elcan Məmmədov, AZƏRTAC
İyulun 12-də Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramları barədə, eləcə də Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələr haqqında, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı barədə səfiri məlumatlandırıb. Həmçinin pandemiya dövründə müxtəlif ixtisaslardan olan türkiyəli mütəxəssislərin ADAU tələbələri üçün mühazirələr söylədiyi qonağın diqqətinə çatdırılıb.
Səfir Cahit Bağcı universitet barədə təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərini yerinə yetirmək üçün Aqrar Universitetdə böyük imkanların olduğunu qeyd edib.
Görüşdən sonra səfir Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkib. Muzeydə yerləşən eksponatlar və binanın tarixi haqqında qonağa ətraflı məlumat verilib.