REGİONLAR
Türkiyənin ölkəmizdəki səfiri Gəncədə olub
Gəncə, 12 iyul, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Gəncə şəhərində olub. Səfir ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb. Daha sonra Cahit Bağçı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rəsmi görüşdən sonra səfir Gəncənin Şəhidlər xiyabanını ziyarət edib, əbədi məşəl abidəsi önünə əklil qoyub. O, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək, onların xatirəsini ehtiramla yad edib.
Rəsmi qonaq Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də baş çəkib. Erməni hərbi cinayətlərinin izləri ilə yerində tanış olan Cahit Bağçı mətbuata açıqlama ilə çıxış edib.
“Cəbhədə cəsarət, hünər göstərə bilməyən Ermənistan şəhərləri atəşə tutaraq, mülki şəxslərin ölümünə səbəb olmuşdur. Bununla belə, Azərbaycan Qarabağı işğaldan azad edərək, daha güclü bir Azərbaycan olmaq yolunda irəliləmişdi. Bu müharibə və qazanılan zəfər Qafqaz regionu və türk dünyası üçün önəmli bir dönüş nöqtəsidir. Türkiyə bu müharibədə ilk gündən etibarən Azərbaycanın yanında olmuş, ona siyasi və mənəvi dəstəyini əsirgəməmişdi. İşğal altında olan hər kənd, hər rayon və hər şəhərin azad edilməsi xəbəri Türkiyədə də böyük coşqu və sevinclə qarşılanmışdı. Azərbaycan xalqını qələbə münasibətilə təbrik edir, şəhidlərə Allahdan rəhmət diləyirəm”, - deyə türkiyəli səfir bildirib.
Cahit Bağçı Nizami Gəncəvi məqbərəsi və muzeyini, həmçinin “İmamzadə” türbəsini ziyarət edib.