ELM VƏ TƏHSİL
Türkiyənin tanınmış təhsil eksperti Azərbaycan Dövlət Pedaqoji Universitetində mühazirə oxuyub
Bakı, 4 oktyabr, AZƏRTAC
Orta məktəb müəllimlərinin bilik və bacarıqlarının artırılması sahəsində tanınmış ekspert, Türkiyənin “Təhsil və məsləhət” şirkətinin rəhbəri Erdem Söylemez Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “XXI əsr şagirdinin təhsilində müəllimin rolu” mövzusunda mühazirə oxuyub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, E.Söylemez “XXI əsrin müəllimi necə olmalıdır? Tələbələrlə münasibətdə nələrə diqqət yetirilməlidir?” və s. bu kimi önəmli mövzulara toxunub və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonra E.Söylemez və Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin rəhbəri Rəqsanə Məmmədova rektor Cəfər Cəfərov ilə görüşüblər. Görüşdə müasir dövrdə Azərbaycan müəllimlərinin üzərinə düşən vəzifələr, ADPU-nun müəllim hazırlığı sahəsində gördüyü işlər, bu sahədə qazandığı uğurlar və gələcək planlar müzakirə edilib.
Görüşdə, həmçinin Türkiyənin “Təhsil və məsləhət” şirkəti, Azərbaycan İngilis Dili Müəllimləri Birliyi və ADPU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.