SİYASƏT


Türkiyənin xarici işlər naziri ABŞ-Azərbaycan Ticarət Palatasında azərbaycanlı və türkiyəli tələbələrlə görüşüb VİDEO

Vaşinqton, 7 fevral, AZƏRTAC 

ABŞ-Azərbaycan Ticarət Palatasının dəvəti ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ paytaxtının tarixi Corctaun ərazisində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı və türkiyəli tələbələrlə görüşü baş tutub.

AZƏRTAC xəbər verir ki, görüşdə paytaxt Vaşinqton şəhəri, Virciniya, Merilənd, Delaver, Meyn ştatları və Çikaqo şəhəri universitetlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsi üzvləri iştirak ediblər.

Mövlud Çavuşoğlunu Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Məktəbi”nin kiçik yaşlı şagirdləri milli geyimlərdə salamlayıb, iki dövlətin birliyini və qardaşlığını ifadə edən şeirlər söyləyiblər. Nazir azərbaycanlı uşaqlarla xatirə şəkli çəkdirib.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib, sözü türkiyəli yüksək qonağa verib.

Türkiyənin xarici işlər naziri ABŞ-a hər səfərində türk diaspor və tələbə təşkilatları ilə görüşdüyünü bildirib. Budəfəki səfəri zamanı Azərbaycan Mərkəzindən aldığı dəvətin ilk dəfə olduğunu vurğulayaraq minnətdarlığını ifadə edib. O, ABŞ-Türkiyə münasibətləri, bu münasibətlərin hazırkı vəziyyəti, Türkiyənin regional siyasəti, eləcə də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri barədə danışıb.

Özünü təkcə Türkiyə diplomatı deyil, eyni zamanda, Azərbaycan diplomatı da hiss etdiyini bildirərək, bir neçə il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan rejiminin ozamankı rəhbərliyinə Türkiyənin olmadığı yerdə verdiyi sərt cavabı xatırladaraq, türk xalqının bunu heç zaman unutmayacağını bildirib.

Sonra Türkiyənin xarici işlər naziri tələbələrin suallarını cavablandırıb.

Tələbələr Türkiyənin Suriya və Yaxın Şərq siyasəti, Türkiyə-Azərbaycan münasibətləri və bu münasibətlərin möhkəmlənməsində xaricdə yaşayan azərbaycanlı və türk toplumlarının birgə fəaliyyətlərinin rolu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti və s. barədə sualları nazirə ünvanlayıblar.

Türkiyəli yüksək qonaq, xüsusilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin önəmini vurğulayıb, iki dövlətin birgə həyata keçirdiyi böyük regional layihələrə istinad edərək bundan sonra da dövlətlər və xalqlar arasında münasibətlərin birgə iqtisadi və biznes təməlləri üzərində daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, iki dövlətin güclənməsi yolu ilə mövcud problemləri həll edə biləcəyini ifadə edib.

Sonda ABŞ-Azərbaycan Ticarət Palatası adından türkiyəli yüksək qonağa xatirə hədiyyəsi təqdim edilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da, öz növbəsində, dəvətə görə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib və Mərkəzə öz adından xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə ABŞ və Azərbaycan arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi məqsədilə təsis edilib. 2000-ci ildə Palatanın nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi təsis edilib. Palatanın paytaxt Vaşinqtonun qədim hissəsi olan Corctaun ərazində yerləşən binasının açılış mərasimində Azərbaycanın ümummilli lideri Heydər Əliyev iştirak edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.