DÜNYA
Türkiyəyə Rusiyadan idxal oktyabrda 1,2 milyard dollar azalıb
Bakı, 30 noyabr, AZƏRTAC
Bu ilin oktyabrında Türkiyəyə Rusiyadan idxalın həcmi sentyabr ayı ilə müqayisədə 1,2 milyard dollar azalıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, ötən ay Rusiya öz məhsullarının Türkiyəyə tədarükündə ən yaxın rəqibləri olan Çin və İsveçrəni təxminən iki dəfə üstələyərək liderliyini davam etdirir. Rusiyadan Türkiyəyə əhəmiyyətli hissəsini enerji daşıyıcıları təşkil edən idxal sentyabrda 6 milyard 226 milyon dollar, oktyabrda isə 4 milyard 989 milyon dollar olub.
Oktyabrda Türkiyənin ümumi idxalının 45,9 faizi onun beş aparıcı ticarət tərəfdaşının payına düşüb. Bu göstəriciyə görə ikinci yeri Çin (2,8 milyard dollar) tutur, sonrakı yerlərdə İsveçrə (2,4 milyard dollar), Almaniya (1,9 milyard dollar) və ABŞ (1,2 milyard dollar) qərarlaşıb.
Ümumilikdə, yanvar-oktyabr aylarında Rusiya Federasiyasından Türkiyəyə idxal 49 milyard 626 milyon ABŞ dolları təşkil edib və o, ən yaxın rəqibləri olan Çini (34,6 milyard dollar) və Almaniyanı (19,3 milyard dollar) xeyli qabaqlayıb.