DÜNYA
Türkiyəyə gətirilən COVID-19 peyvəndinin mayın sonunadək 100 milyon doza çatdırılması nəzərdə tutulur
İstanbul, 26 mart, AZƏRTAC
Türkiyə tərəfindən alınması nəzərdə tutulan ümumilikdə 100 milyon doz COVID-19 peyvəndinin mayın sonunadək ölkəyə gətirilməsinin başa çatdırılması planlaşdırılır. Bu günədək ölkəyə gətirilən peyvəndin miqdarı 50 milyondan çox insanı əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Qeyd edilib ki, indiyədək ölkədə 14 milyon dozdan çox peyvənd vurulub. Hazırda ölkədə “Sinovac” peyvəndi tətbiq edilir. Bundan sonra Almaniya istehsalı olan peyvənd də vaksinasiya proqramına daxil ediləcək. Hazırda Türkiyədə “Biontech” şirkəti tərəfindən istehsal olunan 1,4 milyon doz COVID-19 peyvəndi var. Aprelin əvvəlinədək bu rəqəmin 4,5 milyona çatdırılması planlaşdırılır. Bundan əlavə, daha 30 milyon doz vaksinin alınması üçün razılıq əldə olunub.
Rusiya istehsalı olan “Sputnik” peyvəndinin hazırlanma müddətinin Türkiyə tərəfindən yaxından izlənildiyini deyən nazir bildirib ki, bu vaksinin ölkəyə gətirilməsi istiqamətində ilkin danışıqlar aparılır.
Tarix boyu sona çatmayan pandemiyanın olmadığını vurğulayan nazir bu virusun yalnız peyvəndləmə prosesindən sonra bitəcəyini bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul