Türklərin İranın ən qədim sakinləri olduğunu toponimlər də sübut edir
AzerTAg.az

Bakı, 26 yanvar, AZƏRTAC
Cənubi Azərbaycan toponimlərini araşdırmaq Azərbaycanın dilçi alimlərinin qarşısında duran əsas məsələlərdən biridir. Etnonimlərin leksik-semantik xüsusiyyətlərini araşdırmaq istər dil tarixi, istərsə də müasir ədəbi dil üçün maraqlı faktlar verir. Buna görə də etnonimlər bir onomastik vahid kimi həmişə dilçi alimləri maraqlandırıb. Toponimlər etnik prosesləri özündə daha qabarıq əks etdirən və xalqımızın formalaşmasında rol oynamış bir neçə tayfanın, xüsusilə türkdilli tayfaların və tayfa birləşmələrinin adlarını indiyə qədər qoruyub saxlayan ən etibarlı mənbələrdəndir. Cənubi Azərbaycanda türk mənşəli toponimlərin üstünlük təşkil etməsi, bu ərazidəki qədim adların əsas hissəsinin türk mənşəli leksik vahidlərdən ibarət olması bu fikri əsaslandırmağa imkan verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova söyləyib. O bildirib ki, İranın rəsmi məlumatlarında və xarici iranşünaslıqda sayca farslardan sonra ikinci xalq sayılan, lakin həm Cənubi, həm də Şimali azərbaycanlıların İranda sayca əksəriyyət hesab etdikləri azərbaycanlılar (İran türkləri) kompakt şəkildə Qərbi və Şərqi Azərbaycan, həmçinin bu ostanlarla qonşu olan Gilan, Tehran, Mərkəzi ostanlarda, iri və xırda adalar halında İranın əksər ostanlarında, xüsusən farsların məskunlaşdığı mərkəzi İran vilayətlərində məskunlaşıblar. Azərbaycanlılar İranda olan 31 ostandan 24-də, farslar isə 17-də yayılıblar.
Güney Azərbaycan ərazisinin bölünməsi təqviminə nəzər salaq, 1937-ci ilin noyabrın 7-də Rza şah Pəhləvi Məclisinin qanununa əsasən, Qacarlar dövründəki əyalətlərin tarixi adları ixtisar olundu və İran ərazisi şimal-qərb, qərb, şimal, cənub, Mekran və şimal-şərq adı ilə 6 ostana ayrıldı. Həmin ilin dekabrında sözügedən bölgüyə yenidən baxıldı. İran ostanları 1-dən 10-a qədər rəqəmlərlə adlandırıldı. Təbriz şəhəri üçüncü ostanın, Urmiya isə dördüncü ostanın mərkəzi oldu. Güney Azərbaycan hüdudları və “Azərbaycan” adı ölkə xəritəsindən tamamilə silindi. Ərdəbil üçüncü ostanın tərkibinə daxil idi. Bu bölgülər 1960-cı ilə qədər davam etdi. Həmin il üçüncü və dördüncü ostanlara Şərqi Azərbaycan və Qərbi Azərbaycan adları verildi.
Bu bölgüdə Azərbaycan şəhərlərindən bəziləri qonşu ostanlara verilsə də, Həmədan fərmandarlıq kimi qaldı. Ərdəbil, Zəncan Şərqi Azərbaycan ostanına daxil oldu. Şərqi Azərbaycan ostanının mərkəzi Təbriz şəhəridir. Ostanın mühüm şəhərləri Əhər, Bostanabad, Bənab, Təbriz, Sərab, Səhənd, Şəbüstər, Kəlibər, Marağa, Mərənd, Miyanə, Həris, Həştrud, Azərşəhr, Əsku, Culfa, Molkan, Çaroymaq, Vərzəqan, Şərəfxanə və s. sayılır.
Cənubi Azərbaycanda azərbaycanlılar, kürdlər, tatlar və başqa xalqlar yaşayır. Ölkədə rəsmi dil fars dili olsa da, Cənubi Azərbaycanda yerli əhali əsasən Azərbaycan dilində danışır. Türklər- azərbaycanlıların ulu babaları bu ərazidə təşəkkül tapan ən qədim yerli xalqlardan biridir. Cənubi Azərbaycan ərazisində deyil, bütün İran ərazisində türk mənşəli yer adlarının sayı həddindən artıq çoxdur. Cənubi Azərbaycanda bir çox etnotoponimlər vardır ki, onların əksəriyyəti Şimali Azərbaycan ərazisindəki etnotoponimlərlə səsləşir. Əfşar, Kəngərli, Kosalar, Boyatkənd, Qarabağlar, Xəzər kəndi, Xələc, Quşçu, Qarağaclı, İlxanlar, Qarahacılı, Kosalı, Qaralar, Şamlı, Kotançı, Dəmirçi, Qıpçaq, Abdallar, Qazançı, Qapanlı, Düyərli, Cığatay, Qarasalehli, Qaradağlı, Qaraqoyunlu, İslamlı, Padar, Kəbirli, Qacar, İlxıçı, Səlcuq, Türkmən, Şirvanşahlı, Qarğa, Boyaqçı, Poladlı, Abbaslı, Alpout, Axtaçı, Koxalı, Yəhərçi, Topçu, Dizəc, Aydınlı, Şabanlı, Qaravanlı, Qaravəlili və s.
Cənubi Azərbaycanın toponimlər sisteminin araşdırılması nəticəsində elmi faktlarla sübuta yetirilir ki, türklər İranın ən qədim sakinləridir.
Xəbərin mətnində orfoqrafik səhv var