DÜNYA
Türkmənistan Prezidenti ölkə parlamentinin Xalq Məsləhəti Palatasına üzv seçilib
Aşqabad, 31 mart, AZƏRTAC
Türkmənistan parlamentinin yuxarı palatasına (Xalk Maslahatı) ilk seçkilər keçirilib. Prezident Qurbanqulu Berdiməhəmmədov parlamentin Xalq Məsləhəti Palatasına üzv seçilib.
AZƏRTAC xəbər verir ki, parlamentdə 48 mandat uğrunda 112 namizəd mübarizə aparırdı, onlardan 29-u qadındır. Seçkilərdə ölkənin bütün vilayətlərindən 231 seçici iştirak edib.
Qeyd edək ki, Türkmənistan parlamentinin Xalq Məsləhəti Palatası 56 üzvdən ibarətdir. Onlardan 8-i prezident tərəfindən təyin olunur, 48-i beş vilayətdən və Aşqabad şəhərindən gizli səsvermə yolu ilə seçilir.
Seçkiləri partiyalardan, ictimai təşkilatlardan və ayrı-ayrı vətəndaş qruplarından olan 440 yerli müşahidəçi izləyib.
Xatırladaq ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ikipalatalı parlamentin yaradılmasını nəzərdə tutan qanun imzalayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad