MƏDƏNİYYƏT


Türkmənistanda beynəlxalq festivalda ölkəmiz də təmsil olunur

Bakı, 30 noyabr, AZƏRTAC

Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin “Mükamlar” sarayında “Milli musiqi sənəti dünya xalqlarının irsində” adlı beynəlxalq festival öz işinə başlayıb.

Prezident Serdar Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu tədbirdə beynəlxalq təşkilatların və əlaqədar nazirliklərin rəhbərləri, həmçinin nümayəndələri, eyni zamanda, müğənnilər, milli musiqi alətləri ifaçıları yer alıblar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Azərbaycanı sözügedən festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir. Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Tatarıstan (Rusiya Federasiyası), Özbəkistan və İran mədəniyyət, incəsənət xadimləri, həmçinin Mərkəzin inzibatçısı Yusif Məmmədov iştirak edirlər.

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun “Milli musiqi sənəti dünya xalqlarının irsidir” adlı beynəlxalq festival və konfransın iştirakçılarına təbriki oxunub.

Sonra “Mükəmlər” sarayının səhnəsində konsert olub. Zəngin mədəni proqram musiqi əsərlərinin rəngarəngliyi, müxtəlif xalqların qədim xanəndəlik və ifaçılıq sənətinin nadir nümunələri festivalda iştirakçılara təqdim olunub.

Azərbaycan və Türkiyə musiqi kollektivlərinin, Qızılora vilayəti (Qazaxıstan), A.Curayev adına Tacikistan Dövlət Filarmoniyasının, Xorazm Musiqili Dram Teatrının (Özbəkistan) xalq musiqisi ansambllarının, Qırğızıstandan gəlmiş “Etno-Oş” folklor-etnoqrafiya qrupunun ifaçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. “Türk dünyası” musiqi və rəqs qrupunun sənətçiləri tamaşaçılara gözəl türk rəqsləri təqdim ediblər. Azərbaycan sənətçiləri bir sıra xalq mahnılarımızı, saz havalarını ifa ediblər. Çıxış tamaşaçıların alqışları ilə müşayiət olunub.

Qeyd edək ki, bu gün “Milli musiqi sənəti dünya xalqlarının irsində” beynəlxalq festival və konfransının təntənəli bağlanışı, diplomların təltif edilməsi və Türkmənistan incəsənət ustalarının konserti keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.