CƏMİYYƏT
Türkmənistanda beynəlxalq media forumu keçirilib
Aşqabad, 16 sentyabr, AZƏRTAC
Aşqabadda Türkmənistanın daimi bitərəfliyinin 25 illiyinə və BMT Baş Assambleyasının 75-ci sessiyasında sədr müavini seçilməsinə həsr olunan beynəlxalq media forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilən beynəlxalq media forum Türkmənistan və Asiya-Sakit Okean Yayım Birliyi (ABU) tərəfindən təşkil edilib.
Forumda Türkmənistanın bir sıra qurumlarının, akkreditə olunmuş beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin, milli kütləvi informasiya vasitələrinin nümayəndələri, nüfuzlu xarici televiziya və radio yayım təşkilatlarının rəhbərləri, həmçinin dünyanın 300-dən çox informasiya agentliyinin 68 müxbiri iştirak edib.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) də təmsil olunduğu forumda çıxış edənlər ölkənin daimi bitərəflik statusunu xüsusi vurğulayıblar. Bu kontekstdə iştirakçılar Türkmənistanın xarici siyasətinin uğurlu və səmərəli olduğunu bildiriblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad