CƏMİYYƏT
Türkmənistanda ekologiyaya dəyən ziyana görə məşhur qaz krateri söndürüləcək
Bakı, 8 yanvar, AZƏRTAC
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Darvaza regionunda 1970-ci illərdə yaranan kraterdə qazın sızmasının və alovlanmasının dayandırılması ilə bağlı göstəriş verib.
AZƏRTAC “ORIENT”ə istinadla xəbər verir ki, qaz kraterinin turistlər arasında populyar görməli yer kimi tanınmasına baxmayaraq, kraterdə yanan qaz ətraf mühitə ziyan vurur və yerli sakinlərin sağlamlığına təsir edir. Mavi yanacağın yandırılması qlobal istiləşmənin əsas səbəblərindən biri olan istixana effektinə gətirib çıxarır.
Cümə günü Nazirlər Kabinetinin iclasında Berdiməhəmmədov hökumətdə neftqaz sektoruna nəzarət edən Baş nazirinin müavini Şaxım Əbdürəhmanova alovlanmanın qarşısının alınması üçün tədbir görməyi tapşırıb. Bu işə alimlər və zərurət olduqda – xarici məsləhətçilər də cəlb olunacaq. Türkmənistan lideri, həmçinin qeyd edib ki, alovlanma səbəbindən ölkə üçün dəyərli resurs itirilir. Təbii qazın ixracı ölkə vətəndaşlarının rifahının yüksəlməsinə yönəldilən əhəmiyyətli gəlir gətirir. Alovlanma probleminin həllinə nail olduqda, kraterdən mavi yanacağın səmərəli istifadə üsulu da tapılacaq. Bundan əvvəl qaz krateri rəsmi olaraq “Karakum parıltısı” adlandırılıb. Yerli sakinlər və turistlər çox vaxt onu “Darvaza” adlandırır, xarici bələdçi kitablarında isə bu krater “Cəhənnəm qapıları” adı kimi tanınır.
Qaz krateri 1971-ci ildə qazma zamanı yeraltı boşluğun çökməsindən sonra yaranıb. Zəhərli qaz tullantıları ilə bağlı ekoloji fəlakətin qarşısını almaq üçün geoloqlar onları yandırmaq qərarına gəliblər. Hesablamalara görə alov bir neçə həftədən sonra sönməli idi, lakin 70 metrə yaxın diametri olan krater bu günə kimi yanmaqda davam edir.