DÜNYA
Türkmənistanda ixrac-idxal əməliyyatları üçün “vahid pəncərə” layihəsi işə salınacaq
Aşqabad, 21 oktyabr, AZƏRTAC
Türkmənistanda qarşıdakı iki ildə “İxrac və İdxal Əməliyyatları üçün Vahid Pəncərə” layihəsi sınaqdan keçiriləcək. Layihənin istifadəsi 2023-cü ildə nəzərdə tutulub.
AZƏRTAC yerli KİV-lərə istinadən xəbər verir ki, layihə Türkmənistan Dövlət Gömrük Xidmətinin təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramı tərəfindən təşkilatın Ticarət və İnkişaf Konfransı ilə birlikdə həyata keçirilir.
Türkmənistanda "vahid pəncərə"nin məqsədi ticarət prosedurlarını, ixrac və idxal olunan yüklərin rəsmiləşdirilməsi və keçməsi prosesinin asanlaşdırmaqdır.
"Vahid pəncərə" sistemi "bir nöqtədən" müvafiq sertifikatların, icazələrin və lisenziyaların alınması da daxil olmaqla, ixrac-idxal əməliyyatlarının bütün zəruri prosedurlarını həyata keçirməyə imkan verən onlayn portaldır. Bu zaman yükün məlumatları və onun zəruri sənədləri bir dəfə daxil edilir ki, bu da portalda iştirak edən dövlət müəssisələrinin hərəkətlərində yüksək operativliyi təmin edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad