CƏMİYYƏT


Türkmənistanda sahibsiz heyvanlar üçün klinika və sığınacaq yaradılacaq

Bakı, 16 fevral, AZƏRTAC

Türkmən xalqının ev heyvanlarına həmişə qayğı və məsuliyyət hissi ilə yanaşdığını qeyd edən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov onlar üçün mərkəzləşdirilmiş xüsusi klinika yaratmağı və onu dövlətin himayəsinə götürməyi təklif edib. Bu tibb müəssisəsi həmin nəcib təşəbbüsdə sahibkarların və geniş ictimaiyyətin, o cümlədən heyvan müdafiəsi üzrə könüllülərin iştirakı üçün də açıq olacaq.

AZƏRTAC “Turkmenistan segodnya” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Türkmənistanın dövlət başçısı klinikanın tikiləcəyi yerin seçilməsi, onun tərkibində sahibsiz və qayğıya möhtac olan heyvanlar üçün müasir mərkəzləşdirilmiş xüsusi sığınacağın nəzərdə tutulması barədə göstəriş verib. Prezident qeyd edib ki, bu müəssisənin yaradılması zamanı xəstə heyvanların müalicəsi və profilaktikası üzrə zəngin milli təcrübədən istifadə olunmalı, habelə qabaqcıl metodların peşəkar tətbiqi üzrə müvafiq iş prosesi yaradılmalıdır.

Yaşayış yerini dəyişən və bu səbəbdən it və pişiklərə evində baxa bilməyən, həmçinin məzuniyyət və ezamiyyətə yollanan insanlar da bu sığınacağın xidmətindən istifadə edə biləcəklər. Həmin dövrdə onların saxladığı heyvanlara qayğı və xidmət göstəriləcək.

Prezident sığınacağın hazırda dünyada mövcud olan ən müasir standartlar səviyyəsində olması, inkişaf etmiş ölkələrin bu sahədə ən mükəmməl təcrübəsinin öyrənilməsi və tətbiqi barədə tapşırıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.