SİYASƏT
Türkmənistanın Azərbaycandakı səfirliyində Aşqabadda keçirilmiş beynəlxalq konfransın yekunları müzakirə olunub
AZƏRTAC xəbər verir ki, Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri Toyli Komekov qonaqları salamlayaraq bu yaxınlarda “Beynəlxalq əməkdaşlığın və sabit inkişafın təmin olunmasında tranzit-nəqliyyat dəhlizlərinin rolu” mövzusunda yüksək səviyyədə keçirilmiş və 16 beynəlxalq təşkilatın, habelə dünyanın 33 ölkəsindən nəqliyyat, ticarət, xarici işlər idarələri nümayəndələrinin iştirak etdikləri beynəlxalq konfransın yekunlarını bugünkü görüşün keçirilməsi üçün əsas adlandırıb.
Məlum olduğu kimi, bu forumun Aşqabadda keçirilməsi ideyası nəqliyyat-kommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair BMT Baş Məclisinin kürsüsündən irəli sürülmüş bir sıra konstruktiv təkliflərin müəllifi olan Türkmənistan dövlətinin başçısına məxsusdur. Səfirin sözlərinə görə, bu istiqamətdə birgə fəaliyyət məsələlərində, o cümlədən BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar formatında fəal mövqe tutan Türkmənistan xarici tərəfdaşları ilə birlikdə iri infrastruktur layihələr irəli sürüb həyata keçirir, regional və transkontinental miqyasda şaxələnmiş qarışıq nəqliyyat infrastrukturunun formalaşmasına böyük kömək göstərir.
Konfransın açılışı mərasiminə Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və missiyaların rəhbərləri dəvət olunublar.
T.Komekov qeyd edib ki, artıq Azərbaycan tərəfi bu layihəyə maraq göstərib.
Səfirliyin birinci katibi Batır Rəcəbov bildirib ki, Türkmənistan nəqliyyat-tranzit dəhlizi üçün əlverişli şərait yaradaraq nadir mühəndis tikililəri - beynəlxalq nəqliyyat kommunikasiyaları şəbəkəsinin “qızıl halqası”na çevriləcək dəmir yolu və avtomobil yollarını işə salır, yeni nəqliyyat infrastruktur obyektləri tikilir. Bu obyektlər Mərkəzi Asiyadan və Qafqazdan keçən regional və regionlarası nəqliyyat marşrutlarının formalaşdırılması və onlardan səmərəli istifadə edilməsi yolunda atılan mühüm addımdır.
Konfransın birinci gününün proqramında Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin yaradılması məsələsinə dair dördtərəfli görüş keçirilməsi də nəzərdə tutulmuşdu. İştirakçı ölkələrin və regionun digər ölkələrinin dünya bazarlarına çıxması üçün yeni imkanlar yaradılmasına yönəldilmiş bu layihənin həyata keçirilməsi, eyni zamanda, Avrasiya məkanında ticarət-iqtisadi əlaqələrin güclənməsinə kömək göstərəcəkdir.
Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yol magistralının çəkilişinə dair Türkmənistanın təşəbbüsü ilə hazırlanmış və tərəfdaş dövlətlər ilə birlikdə həyata keçirilən layihə də bunun əyani təsdiqidir. Bu layihə Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin yaradılması layihəsi ilə yanaşı, regionun və bütövlükdə Avrasiyanın tranzit-nəqliyyat potensialından səmərəli istifadə olunmasına və deməli, ümumi rifahın və tərəqqinin təmin edilməsinə xidmət göstərəcəkdir.
Konfransın yekunları üzrə bir sıra sənədlər, o cümlədən Türkmənistan ərazisi vasitəsilə Avrasiya avtonəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahəsində Türkmənistan hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.