ELM VƏ TƏHSİL


“Türkologiya” jurnalının illik hesabatı dinlənilib

Bakı, 15 dekabr, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının iclası keçirilib. İclasda Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Türkologiya jurnalı”nın 2021-ci il üçün illik hesabatı dinlənilib.

Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, iclası giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli jurnalın türk dünyasının köklü və nüfuzlu elmi nəşrlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, türkologiya elminin tarixinə və aktual problemlərinə həsr olunan jurnal türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair yazılmış elmi əsərləri özündə əks etdirir.

İclasda “Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla hesabat məruzəsi ilə çıxış edib. Akademik bildirib ki, jurnalda türkologiyanın müxtəlif sahələri üzrə yazılar çap edilir. Hazırda jurnal mütəmadi şəkildə ildə iki say olmaqla Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirir. Jurnalın daimi və xüsusi rubrikaları müəyyənləşdirilib. Rubrikalardan başqa, jurnalda resenziyalar, xronika, personalia və nekroloqların mütəmadi və sistemli şəkildə çap edilməsi dünya miqyasında türkoloji həyatın nəbzinin tutmağa kömək edir.

Bildirilib ki, “Türkologiya” jurnalı türkoloji seminarlar təşkil edir. Bu seminarlarda müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatların işığında müzakirə edilir. Jurnal bu gün də türk dünyası ilə, türkoloji mərkəzlərlə əməkdaşlığını davam etdirir. Son 6 il ərzində (2015-2021-ci illər) jurnalın 22 sayında Türkiyənin, Rusiyanın, ABŞ-ın, Almaniyanın, Fransanın, Macarıstanın, Polşanın, Çexiyanın, Orta Asiya respublikalarının, Cənubi Koreyanın, Yaponiyanın, Misirin, İranın, Monqolustanın, Əfqanıstanın, Rumıniyanın, Gürcüstanın, Şimali Makedoniyanın, Bolqarıstanın və təbii ki, Azərbaycanın tanınmış alimlərinin məqalələri dərc olunub. Bunlardan 90-ı Türkiyə türkcəsində, 62-i Azərbaycan dilində, 54-ü rus dilində, 32-i isə ingilis dilində işıq üzü görüb.

Çıxışının sonunda Kamal Abdulla jurnalın baş redaktoru vəzifəsindən getdiyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.