ELM VƏ TƏHSİL
“Türkologiya” jurnalının seminarında Qazi Universitetinin professoru məruzə ilə çıxış edib
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da “Türkologiya” jurnalının növbəti seminarı keçirilib.
Jurnalın məsul katibi Elçin İbrahim AZƏRTAC-a bildirib ki, seminarda Türkiyənin Qazi Universitetinin professoru Mehman Musaoğlu “Türkoloji dilçilik: problemlər, perspektivlər və təkliflər” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda jurnalın baş redaktorunun müavini, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu türkiyəli professorun elmi fəaliyyəti haqqında iştirakçılara məlumat verib.
Qeyd edilib ki, “Türkologiya” jurnalının nəzdində seminarların keçirilməsi ideyası jurnalın baş redaktoru, akademik Kamal Abdullaya məxsusdur. Jurnalın ilk seminarı məhz akademik K.Abdullanın təşəbbüsü ilə keçirilib. Bu addım artıq bir ənənəyə çevrilib və jurnalın nəzdində mütəmadi şəkildə seminarlar keçirilir. Seminarların mövzusu türkologiya elminin müxtəlif sahələrinə və aktuallıq kəsb edən məsələlərə həsr olunur.
Seminarda məruzə ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, M.Musaoğlu “Türkologiya” jurnalının beynəlxalq redaksiya heyətinin dilçilik üzrə üzvüdür.