ELM VƏ TƏHSİL
Türkoloq alim gənclər klubunun üzvləri ilə görüşüb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramına uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Dövlət Pedaqoji Kollecində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Güllü Yoloğlu ilə “Tariximizi öyrənək və öyrədək” gənclər klubunun üzvləri və tələbələrin görüşü olub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə G.Yoloğlu “Türk xalqlarının dini görüşləri” mövzusunda mühazirə oxuyub. Alim qeyd edib ki, türk xalqları ayrı-ayrı dinlərə və təriqətlərə ayrılsalar da, onları qədim tarixdən və zəngin mədəniyyətdən qaynaqlanan alt qat birləşdirir. Türklərin adət-ənənələrində, folklor və inanclarında, dünyagörüşlərində bir sıra oxşarlıqlar, hətta eyniliklər var. Xalqlar arasında münasibətlərin mədəniyyətlərarası dialoq şəklində qurulması, onların qarşılıqlı hörmət şəraitində yaşamaları mədəni inkişafa, sülhə və əmin-amanlığa layiqincə xidmət edər.
Sonra Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva gənclər klubu barədə məlumat verib, gənc tarixçilərin mühazirə, elmi seminar, müzakirə və elmi turlarda fəal iştirakından danışıb.
Tələbələrin sualları cavablandırılıb.