ELM VƏ TƏHSİL
Türksoylu xalqların musiqi mədəniyyətinə həsr olunmuş beynəlxalq konfrans yekunlaşıb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda keçirilən XVIII beynəlxalq elmi-praktik konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, ikigünlük tədbirin məqsədi türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsi olub. Konfrans türk xalqlarının bədii mədəniyyətinin araşdırılması sahəsində çalışan mütəxəssislər arasında elmi mübadilənin inkişafına xidmət edir. Azərbaycanın müxtəlif tədris və elmi müəssisələrinin əməkdaşları ilə yanaşı, Türkiyə, ABŞ, Macarıstan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan olan mütəxəssislərin iştirakı ilə keçirilən konfransda türk xalqlarının bədii mədəniyyətinə dair 50-dək məruzə dinlənilib.
Konfrans çağdaş dövrdə dünyada gedən qloballaşma prosesləri kontekstində türkdilli xalqların mədəni irsinin araşdırılması, bu sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi məqsədlərini qarşıya qoyub. Tədbir, həmçinin türksoylu xalqların mədəni inteqrasiyası prosesinə fayda vermək baxımından böyük əhəmiyyət daşıyır.
Konfransın plenar iclasında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Şərq estetik təfəkküründə ortaq qəliblər mühafizəkarlığı və qəlibdaxili ifadə azadlığı”, AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Türk xalqlarının musiqisinin araşdırılmasının bəzi məsələləri”, macarıstanlı etnomusiqişünas Şandor Sabon “Musiqi və dini təcrübə”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tahirə Kərimova “Əhməd bəy Ağaoğlu: haqqın yenilməz cəngavəri” mövzularında məruzələrlə çıxış ediblər.
“Türk xalqlarının musiqi mədəniyyəti: ənənə və müasirlik”, “Türksoylu xalqların bədii mədəniyyəti müasir mərhələdə: problemlər və perspektivlər”, “Əhməd bəy Ağaoğlu və türkçülük məfkurəsi”, “Türk xalqlarının musiqi mədəniyyəti: ənənə və müasirlik” bölmələrində müzakirələr aparılıb. Bölmələrdə “Türk musiqi mədəniyyətlərinin aktual elmi məsələləri”, “Azərbaycan-Özbəkistan musiqi əlaqələri tarixindən”, “Müslüm Maqomayevin yaradıcılığında Üzeyir Hacıbəyli və Qara Qarayev musiqisi”, “Milli musiqi ənənələri və müasir bəstəkar yaradıcılığı”, “Aşıq sənətində teatr düşüncəsinin ilkin kateqoriyaları”, “Yuxu arxetipi orta əsr ədəbiyyatı təmsilçilərinin yaradıcılığında”, “Milli intibah mücahidi - Əhməd bəy Ağaoğlu”, “Qara Qarayevin xor yaradıcılığında vətənpərvərlik ideyası və onun gənclərin tərbiyəsində rolu”, “Macar makamının araşdırılması problemləri”, “Azərbaycan musiqisində ornamentallıq”, “Gənc musiqi alətinin texniki problemləri”, “Əhməd bəy Ağaoğlu türklərin İslam tarixində rolu haqqında”, “Azərbaycanın xanəndəlik sənəti yeni elmi sahənin tədqiqat obyekti kimi” və digər mövzularda məruzələr dinlənilib.