Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 568; 2002, № 5, maddə 240; 2003, № 1, maddə 6; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2009, № 12, maddə 945; 2016, № 1, maddə 28; 2017, № 1, maddə 2, № 12 (I kitab), maddə 2244) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.4. tütün məmulatı – tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.)”.

2. 1.0.5-ci maddədə “tütün və tənbəki yarpağında və tüstüsündə” sözləri “tütünün və tənbəkinin tərkibində” sözləri ilə əvəz edilsin.

3. 13.2-ci maddədə “siqaret” sözü “tütün məmulatı” sözləri ilə əvəz edilsin.

4. 13.3-cü maddədə “və tütün qatranının” sözləri “, tütün qatranının və karbon monoksidinin” sözləri ilə əvəz edilsin.

5. 14.3.4-cü maddədə “siqaret” sözü “tütün” sözü ilə, “və tütün qatranının” sözləri isə “, tütün qatranının və karbon monoksidinin” sözləri ilə əvəz edilsin.

6. 15.3.4 və 15.6-cı maddələrdə “siqaret” sözü “tütün” sözü ilə əvəz edilsin.

7. 15.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“15.4. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin