REGİONLAR
Tütünçülük sahəsində fəaliyyət göstərən sahibkarlara 2 milyon manat güzəştli kredit verilib
Şəki, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Tütünçülüyün inkişaf etdirilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək tütünçülük sahəsində fəaliyyət göstərən 80 sahibkara 2 milyon manatdan çox güzəştli kredit verilib. Prioritet sahə olduğu nəzərə alınaraq, tütünçülüyə bundan sonra da əlavə kreditlərin ayrılması təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Şəkidə keçirilən işgüzar forum zamanı jurnalistlərə müsahibəsində deyib.
Fondun rəsmisi bildirib ki, Şəki-Zaqatala iqtisadi rayonu əsasən tütünçülük rayonu olduğu üçün bugünkü forum çərçivəsində sahibkarlara verilən 580 min manat güzəştli kreditin əsas hissəsi tütünçülük sahəsini, tütün məhsullarının istehsalı və emalını əhatə edir.
“Tütünçülük bu gün intensiv metodların tətbiqi vasitəsilə inkişaf etməlidir. Bu məqsədlə tütünün yetişdirilməsi ilə yanaşı, yerlərdə kiçik emal sahələri, tütün qurutma sexləri də yaradılmalıdır. Fond tərəfindən sahibkarlara təqdim olunan layihələrdə, eyni zamanda, qurudulmuş tütünün saxlanılması üçün anbarların inşası da nəzərdə tutulur”,- deyə Arif Vəliməmmədov bildirib.