SİYASƏT
“Tv.berlin” kanalı Respublika Günü münasibətilə Berlində keçirilmiş rəsmi qəbula dair reportaj yayımlayıb VİDEO
Berlin, 10 iyun, AZƏRTAC
28 May-Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illik yubileyi münasibətilə iyunun 6-da Berlin şəhərində keçirilmiş rəsmi qəbula dair “tv.berlin” telekanalının “Xəbərlər” proqramında reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, reportajda “Maritim” hotelində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibəti ilə rəsmi ziyafətin verildiyi bildirilir. Qeyd olunur ki, səfir Ramin Həsənov çıxışında Respublika Gününün tarixinə toxunub, ölkəsinin çoxsaylı regional və transmilli layihələrin təşəbbüskarı və enerji təhlükəsizliyi sahəsində Avropanın etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb. Reportajda səfir Ramin Həsənovun Almaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə dair açıqlamasına da yer verilib. Səfir deyib: “Azərbaycan və Almaniya arasında illik ticarət dövriyyəsi təxminən iki milyard avroya bərabərdir və onun genişləndirilməsi üçün imkanlar var. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq, həmçinin elm və mədəniyyət sahəsində çox yaxşı münasibətlər mövcuddur. Bu münasibətlər 200 illik tarixə söykənir. İki əsr əvvəl almanlar Azərbaycana gəlmiş və koloniyalarını qurmuşlar. Bu bizim qurur duyduğumuz tarixdir. Almaniya ilə dostluq bizim üçün vacibdir. Məqsədimiz bu münasibətləri daha da inkişaf etdirməkdir”.
Reportajın sonunda dəvət edilmiş qonaqlar arasında olan Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Mixael Zibertin fikirləri verilib. Almaniyanın Azərbaycanı vacib tərəfdaş hesab etdiyini bildirən M.Zibert deyib: “Azərbaycanla sıx tərəfdaşlıq münasibətləri saxladığımızı azərbaycanlılara burada da göstərmək bizim üçün vacibdir. Respublika Gününün Almaniyada qeyd edilməsi bunun üçün yaxşı bir imkandır”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin