CƏMİYYƏT
Tvinninq layihəsi çərçivəsində keçirilən görüşdə bitki mənşəli qida və yemlərin sanitar və fitosanitar qaydalara uyğunluğu müzakirə edilib
Bakı, 31 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunda “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində növbəti görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihənin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlarla uyğunlaşdırmaqdan ibarət olub.
Bitki mühafizəsi üzrə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) fəaliyyətinin və funksionallığının daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə keçirilən görüşdə layihə çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.
Görüş çərçivəsində tvinninq layihəsinin rezident məsləhətçisi Gintaras Lapinskasa və Latviya Dövlət Bitki Mühafizəsi Xidmətinin əməkdaşı Quntars Kostsa Azərbaycandan ixrac edilən bitki və bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin, beynəlxalq standartların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə bitki mühafizə vasitələrinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat veriblər.
Görüşdə bitki mühafizəsi üzrə AQTİS-in infrastrukturunun və fəaliyyətinin daha da təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlığın perspektivi müzakirə olunub.
Bitki sağlamlığı üzrə mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.