ELM VƏ TƏHSİL
Tvinninq layihəsi çərçivəsində proqram akkreditasiyası üzrə məlumat verilib
Bakı, 15 fevral, AZƏRTAC
Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı üçüncü komponenti çərçivəsində Azərbaycana gələn ekspert qrupuna Litvanın Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin direktor müavini Yolanta Silka daxildir.
Səfərin məqsədi Akkreditasiya və Nostrifikasiya İdarəsinin, eləcə də ali təhsil müəssisələrinin akkreditasiya sahəsində potensialının artırılmasına dair seminarlar keçirmək və əvvəlki missiyalar çərçivəsində Tvinninq ekspertləri tərəfindən proqram akkreditasiyası üzrə hazırlanmış meyar və göstəriciləri müzakirə etməkdir.
Missiya çərçivəsində layihənin pilot universitetləri olaraq seçilmiş Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, qeyd olunan ali məktəblərin, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universiteti, Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin nümayəndələri üçün proqram akkreditasiyası mövzusunda seminarlar keçirilib və bu sahədə Avropa təcrübəsi diqqətə çatdırılıb. Layihənin ekspertləri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları tərəfindən birgə işlənib hazırlanmış “Proqram akkreditasiyası üzrə meyarlar və göstəricilər” adlı sənəd layihəsi universitet nümayəndələri ilə müzakirə edilib.
Seminarlarda pilot universitetlərdən ümumilikdə 60-dan çox nümayəndə iştirak edib. Missiya zamanı ekspertlər tərəfindən ali təhsil müəssisələri üçün “Təlim nəticələrinin yazılması üzrə təlimatlar” işlənib hazırlanıb.