CƏMİYYƏT


Tvinninq layihəsi üzrə tərəfdaş ölkənin - Litvanın Baş prokuroru Bakıda səfərdədir

Bakı, 16 may, AZƏRTAC

Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” planı çərçivəsində həmin quruma üzv ölkələrin Avropa dövlətlərinin müvafiq təsisatlarının iş təcrübəsinin öyrənilməsinə yönəldilmiş “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Litva Respublikasının Baş prokuroru Nida Qrunskienenin rəhbərlik etdiyi və Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkusun daxil olduğu nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 16-da nümayəndə heyəti Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Nümayəndə heyətinin Baş prokuror Kamran Əliyev ilə görüşündə Baş prokuror strateji planlaşdırma və hüquqi bazanın inkişaf etdirilməsi yolu ilə aktivlərin bərpası istiqamətində səmərəli mexanizm yaradılması, görülən işlərin miqyasının genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən, Azərbaycan Respublikası Prokurorluğunun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin mühüm əhəmiyyəti qeyd edib.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Nida Qrunskiene Litvanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, aktivlərin bərpası sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını və həmin təcrübənin bu sahədə Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində aparılan işin səmərəliliyinin artırılmasında böyük rolunun olacağını qeyd edib.

Nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi və yeni inzibati binası ilə tanış olub. Qırx dörd günlük Vətən müharibəsinə həsr olunmuş Tarixi-memorial qalereyadakı eksponatlar, ən müasir cihaz və avadanlıqla təchiz edilmiş kriminalistika otağı, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən kitabxana qonaqların marağına səbəb olub.

Sonra qonaqlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası və fəaliyyəti ilə yaxından tanış olublar.

Səfər davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.